Ayaz İsmayılov 8

Bakı / Azərbaycan
+994 55 982 16 16

Yanğından mühafizə

Yanğın təhlükəsizlik sistemlərinin layihələndirilməsi və təşkili​

Yanğın təhlükəsizliyi nədən başlayır? Bu sualın cavabı yalnız birdir: yanğın təhlükəsizliyi mütəxəssislər tərəfindən hazırlanmış savadlı layihədən başlayır. Bu layihə normativ-hüquqi sənədlər əsasında və sifarişçinin maliyyə imkanları və arzuları nəzərə alınmaqla hazırlanır. Lakin bütün hallarda əsas sistemlərin təhlükəsizliyinə və etibarlılığına mütləq şəkildə riayət olunur və bu sistemlərin işinə hər hansı xələl gətirilməsinə yol verilmir. Ən yaxşı effekt isə konstruksiyanın yaradılması mərhələsində yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi zamanı əldə edilir.

Alovla bağlı təhlükəli vəziyyətin yaranmaması üçün ilkin olaraq layihədə bir sıra tədbirlər nəzərə alınır. Daha sonra, burada, yanğın baş verən zaman hadisə yerində olan insanların həyatlarının təhlükəsiz edilməsi və onların təhlükəli zonanı vaxtında tərk etməsi məsələsi həll edilir. Yanğın təhlükəsizliyi sistemi layihələrinin üçüncü tərkib hissəsi – alov və tüstü ilə effektiv mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır.

Layihələşdirmə zamanı konstruksiyaların oda davamlılığı, insanların təxliyyə (evakuasiya) yolları, yanğın əleyhinə vasitələrin dislokasiya yerləri və həmçinin, əsas yanğın təhlükəsizliyi sistemləri: avtomatik yanğınsöndürmə, yanğın siqnalizasiyası, avtomatik xəbərdarlıq, tüstünün çıxarılması, oddan müdafiə və s. təhlükəsizlik sistemləri nəzərə alınır.

Əgər bina artıq bir neçə onillər boyu istismar olunmuşdursa, deməli onun bütün yanğın təhlükəsizliyi sistemləri köhnəlmişdir. Bu halda belə binadakı sistemlərin yenidən təşkili və modernləşdirilməsi zərurəti yaranır. Əgər bu binanın otaqlarının quruluşunun dəyişdirilməsi və yaxud hansısa əsaslı təmiri baş vermişdirsə, onda təhlükəsizlik sistemlərinin yenidən təşkili məsələsi daha da aktuallaşır.
Obyektin yanğın təhlükəsizliyi sisteminin yenidən təşkili, bu obyektin tədqiq edilməsindən başlayır. Məqsəd isə belə obyekt üçün zəruri olan texniki şərtləri öyrənməkdir. Aparılmış tədqiqatın nəticələrinə görə yanğın təhlükəsizliyi sistemini müasir vasitələrlə gücləndirmək və ya bütün sistemi tamamilə dəyişmək barədə qərar qəbul edilir.

Yanğın təhlükəsizliyi sistemlərinin layihələşdirilməsi sadə məsələ deyildir. Layihələşdirmə çox böyük həcmdə ilkin məlumatın olmasını tələb edir. Bununla bərabər, layihələşdirmə həm də ən məsuliyyətli yanaşma tərzini istəyir. Axı layihənin keyfiyyətindən bütün yanğın əleyhinə kompleks tədbirlərin effektivliyi və ən başlıcası da, insanların həyatı və sağlamlığı asılıdır.

Avtomatik yanğınsöndürmə sistemlərinin quraşdırılması​

Bütün avtomatik yanğınsöndürmə sistemləri (AYSS) ilk növbədə lokal və mərkəzləşdirilmiş sistemlərə bölünür. Daha sonra AYSS iş prinsipinə görə – sprinkler və drençer növünə görə təsnifləndirilir. Yanğın söndürmə qaydasına görə isə – odsöndürən qarışığın fiziki xassələri və kimyəvi tərkibi ilə fərqlənirlər.

Hər bir AYSS-in tərkibində tüstülənməyə, hərarətin yüksəlməsinə və yanmanın digər əlamətlərinə reaksiya verən məlumatverici cihaz, idarəedici siqnalların qeydiyyatı, hazırlanması və ötürülməsi qurğusu və bilavasitə söndürməni yerinə yetirən icra orqanı olmalıdır. 

Lokal sistemlər bütün bunları tam halda nəql edilə bilən, quraşdırılan və xidmət edilən vahid blokda birləşdirirlər. Ən sadə və etibarlı lokal sistem – içində odsöndürən qarışıq olan balondan ibarətdir. Bu balonda daima mövcud olan yüksək təzyiq ya hermetikliyin pozulması zaman aradan gedən kimyəvi reaksiya prosesi ilə, ya da idarəetmə impulsunun verilməsi ilə saxlanılır.

Bu sistemdə bağlayıcı klapan kimi sprinklerin özü iştirak edir. Bu sprinklerlərin içində otaqlarda yanğınsız meydana gələ bilən maksimal temperaturdan asılı olaraq, 40oC – 150oC dərəcə arasında işə düşən tezəriyən element vardır. Bir qayda olaraq, belə bloklar yanğın siqnalizasiyası sisteminə yalnız xəbərdaredici cihaz qismində birləşdirilirlər. Amma bu bloklar prinsip etibarilə, ümumiyyətlə hər hansı bir naqilsiz və elektrik enerjisiz də işləyə bilərlər. Bu tipdə olan sistemlərin çatışmayan cəhətləri – onların nisbətən yüksək qiyməti və çəkisi, onlara göstərilən xidmətin mürəkkəbliyi və işə salınmaq üçün vəziyyətin daha dəqiq təhlilinin mümkünsüz olmasıdır.

Mərkəzləşdirilmiş AYSS-dən iri obyektlərdə istifadə olunması – iqtisadi cəhətcə daha sərfəlidir. Bu sistemlərdə saysız-hesabsız miqdarda mürəkkəb xəbərdaredici cihazlardan və 100%-lik zəmanətlə yanğına vaxtında reaksiya verən və yalançı işədüşmələri istisna edən məntiqi qurğulardan istifadə edilməsi mümkündür. Lakin, bütün bunlarla bərabər, belə sistemlərin mövcudiyyəti bütün otaqlarda elektrik enerjisinin və siqnal ötürücülərinin olmasını, ən başlıcası isə – yüksək təzyiq magistrallarının mövcudluğunu tələb edir.

Əgər otaqlar kiçikdirlərsə və ya yanğının genişlənməsinə maneə olan arakəsmələrlə bölünmüşlərsə, onda ayrı-ayrı sprinklerlərin tətbiq edilməsi daha məqsədəuyğundur. Belə sprinklerlər işə düşəndə söndürücü qarışığı yalnız bilavasitə alışma nöqtəsinə tərəf buraxacaqlar. Magistralda təzyiqin aşağı düşməsi halında isə nəzarət-siqnal klapanı qarışığın sprinklerə verilməsini davam etdirən nasosu işə salır. Sistemin borularının donması ehtimalı ola bilən obyektlərdə də nəzarət-siqnal klapanı magistralda havanın təzyiqinin azalmasına reaksiya verir, lakin bu zaman maye orada daima olmur.

Alovun yayılması üçün əlverişli şərait olan iri sahələrdə və otaqlarda bütün sahə boyunca yanğının söndürülməsi lazımdır və bu, hətta daha arzuediləndir. Bu halda drençer sistemləri tətbiq olunur. Drençer sistemində hər bir püskürdücüdə klapanın olmasına və magistralda daima təzyiqin saxlanmasına ehtiyac yoxdur. Çünki, yanğın zamanı odsöndürücü qarışıq sistemə yalnız nəzarət cihazının siqnalı ilə və yaxud da bu məsələyə məsul olan işçi heyətin manual (əl ilə) işə salması ilə verilir.

Şirkətimiz hər bir obyektin xüsusiyyətlərini və yönümünü, texniki və iqtisadi hesablamaları nəzərə alaraq, bütün sistemlərin layihələşdirilməsini və quraşdırılmasını həyata keçirir. Biz hər hansı bir sistemin zəmanətdən sonrakı xidməti, servisi və reqlamentli xidməti üzrə, o cümlədən, başqa təşkilat tərəfindən yerinə yetirilmiş işlər üzrə müqavilələr bağlamağa hazırıq.